Kompüter arxasında iş və görmə qabiliyyəti: xoşagəlməz nəticələrin qarşısını necə almaq olar

Biz hər gün kompüterin və başqa cihazların qarşısında saatlarla vaxt keçiririk - əvvəlcə işdə ekrandakı rəqəm və hərflərə gərgin baxaraq, sonra isə evdə - kimsə sosial şəbəkədə oturur, kimsə onlayn-mağazalara baxır, kimsə sadəcə olaraq, oyun arxasında rahatlamaq istəyir. Günlərin birində artıq hiss edirik ki, gözlərimiz ağrıyır. Bu yaxınlarda hələ ağrımırdı – indi isə ağrıyır. Görmə qabiliyyətimizin itiliyi də zəifləyib. Başımız da daha tez-tez ağrımağa başlayıb... Demək, adət etdiyimiz və hətta bizi rahatladan məşğuliyyət o qədər də zərərsiz deyil. Əslində isə, kompüterin bunda heç bir günahı yoxdur. Sadəcə, özümüz monitorla işləyən zaman adi qaydalara riayət etmirik! Gəlin, Qayğıkeş ana ilə bərabər bu qaydalara nəzər salaq.

• Əvvəlcə monitorun parlaqlığını və kontrastlığını elə tənzimlə ki, gözlərin çox qıcıqlanmasın. Keyfiyyətli monitor istifadə et, çünki görmə qabiliyyəti birbaşa onun keyfiyyətindən asılıdır. Yeri gəlmişkən, gözlər köhnə monitordan da ağrıyır. Bəlkə, artıq yenisini almağın vaxtı gəlib?

• Şriftin ölçüsünə diqqət yetir – ölçü elə olmalıdır ki, mətnə gərgin baxmaq lazım olmasın. Mətn rahat və sərbəst oxunmalıdır, ancaq bu, kontrastlığın hesabına olmamalıdır.

• Ay bala, sənə nə qədər deyim ki, monitora çox yaxınlaşmayasan? Səninlə monitor arasındakı məsafə bir metrə yaxın olmalı, daha dəqiqi 70 sm-dən az olmamalıdır. Həmçinin o, sənin gözlərinin səviyyəsindən aşağıda yerləşməlidir.

• Kompüter arxasında işləyərkən gözlərini daha gec-gec qırpırsan, bu da göz səthinin qurumasına səbəb olur. Bu an elə hiss yaranır, sanki gözlərin qumla doludur, onlar ağrıyır və döyünür. Gözlərin normal nəmliyini bərpa etmək üçün onları tez-tez qırpmağı unutma, həmçinin təbii göz yaşı tərkibli xüsusi damcılardan istifadə et.

• Sənin görmə qabiliyyətin ona görə zəifləyir ki, monitordakı təsvir adi obyektlərdən fərqli olaraq, daha çox işıqlanır. Daimi gərginliyin ikinci səbəbi isə baxışın uzun müddət ərzində eyni vəziyyətdə fiksasiyasıdır. Bəzi əzələlər hədsiz çox gərilir, digərləri isə tamamilə tonuslarını itirirlər. Ona görə də, hər yarım saatdan bir diqqətini yayındır və uzaqlara bax – belə adi gimnastika görmə qabiliyyətini qorumağa kömək edəcək.

• Əgər sənin gözlərin kompüterə görə daima ağrıyırsa, həkimə get. Bəlkə, sənə kompüter filtrli eynək lazımdır. Onlar çox rahatdır və dəfələrlə, həm də yalnız işdə kompüter arxasında deyil, evdə televizora baxdığın zaman da gözlərin yüklənməsini azaldırlar.

• Vaxtaşırı gözlərinə tam istirahət ver: kompüteri bazar günləri qoşma, işdən gələndə isə özünə başqa əyləncə tap.

Ana məsləhətləri