Sağlam yuxu üçün 5 məsləhət

Həyatın keyfiyyəti. Biz daim işə, pula (yaxud onların yoxluğuna) və ictimai statusumuza həddindən artıq diqqət ayıraraq yaşam keyfiyyətini unuduruq. Lakin məhz həyatımızın keyfiyyəti – xoşbəxtliyin əsas mənbəyidir. Bir çox amillərə təsir edə bilməsək də, heç olmasa yuxu, rahatlıq, əsəb və şəxsi məhsuldarlığa təsir edə bilərik. Nə qədər qəribə olsa da, bunun üçün Tibet müdrikliklərini öyrənmək, yoqa ilə məşğul olmaq, gündə 3 qutu siqaret çəkmək və yaxud buna bənzər başqa şeylər etmək lazım deyil. Sadəcə olaraq, yuxunu normallaşdırmaq kifayətdir. Bütün diqqətimizi bu problemə yönəltməli və onu həll etməliyik.

Qayğıkeş ana sənin qeydinə qalır. Buna görə o, yuxunu normallaşdırmaq üçün sənə 5 üsul haqqında danışacaq. Oxu və bunu tətbiq etməyə çalış.

Yuxu rejiminə əməl et. Yuxu rejimi dedikdə, sənin hər gün hətta, bazar günləri belə, yatmaq üçün daimi vaxtın təyin olunması nəzərdə tutulur (!). Axşam elə vaxtı seçmək lazımdır ki, həmin vaxt daha çox yorğunluq hiss edəsən və o vaxtı pozmamağa çalışasan. Bu, əsəb sisteminin istirahət rejiminə köklənməsinə, yuxusuzluqdan qurtulmağa imkan verəcək, yuxun isə rahat və xoş olacaqdır.

Yuxudan əvvəl rahatla. Stress – dərin yuxu ilə yatmağa mane olan ən böyük problemlərdən biridir. Onun sənin ağlına “əzab verməsinə” imkan vermə. Özün üçün bəzi prioritetləri müəyyən edərək onlara riayət et. Yuxudan əvvəl rahatlamaq üçün diqqətini xoş olan bir şeyə yönəlt – kitab oxu, sevdiyin serialı izlə, gəzməyə çıx. Meditasiya, aromaterapiya və ya ilıq vannanın qəbulu yuxunun keyfiyyətinə müsbət təsir edir və daha tez yuxuya getməyə yardım edəcək.

Yuxuya mane olan qida və içkilərdən istifadə etmə. Əgər sən sağlam və möhkəm yuxudan həzz almaq istəyirsənsə, gecə vaxtı tünd çay, qəhvə və tərkibində kofein olan digər içkilərdən, acı və yağlı qidalardan, alkoqol və nikotindən uzaq ol. Onu da nəzərə al ki, şokolad, kola və hətta, ağrıkəsici dərmanların da tərkibində (məsələn, sitramon) kofein var. Alkoqola gəlincə isə, o əvvəlcə yuxuya müsbət təsir edə bilər, lakin bir neçə saat sonra stimullaşdırıcı effekt göstərəcək.

Fəal ol. İdmanla müntəzəm məşğul olmaq yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər. Lakin, fiziki məşqlərin vaxtına və intensivliyinə fikir vemək lazımdır. Məşq və ya fiziki işlər səhər və ya günorta aparılmalıdır. Axşam edilən yanlış fiziki yüklənmələr yuxusuzluğa və narahat yuxuya gətirib çıxara bilər.

Yuxu üçün rahat şərait yarat. Bu qaydaya əsasən, otağın temperaturunu və işıqlandırmasını özünə rahat şəkildə tənzimləməlisən. Yuxu üçün ideal şərait yaratmaq istəyirsənsə sakit otaqda yat, pəncərə üçün jalüz və ya pərdədən, elektrik yorğandan və ya kondisionerdən istifadə et. Gecə yatağından qalxmalı olursansa, lampanı qur. Yataq otağında ideal temperatur 20-25°C-dir. 27°C-dən yuxarı və ya 15°C-dən aşağı temperatur yuxuya mənfi təsir göstərə bilər.

Ana məsləhətləri