Düzgün qidalanma – sağlamlığın rəhnidir

Hər birimiz bilirik ki, duzlu və şirin yeməkləri çox yemək zərərlidir, fastfud təkcə çəkiyə deyil, bütünlüklə sağlamlığa təsir göstərir, siqaret və spirtli içkilər isə orqanizmə böyük ziyan vurur. Bilirik axı, amma riayət etmirik. Sağlam qida haqqında növbəti məqaləni oxuduqdan sonra maksimum bazar ertəsindən, yaxud ən yaxşı halda, sabahdan düzgün qidalanmağa başlayacağımıza söz veririk. Lakin məşhur atalar sözündə deyildiyi kimi: “Bu günün işini sabaha qoyma.” Odur ki, gəl, bu günün işini sabaha qoymayaq – elə indidən, Qayğıkeş ananın məsləhətləri ilə birlikdə başlayaq.

Qidalanma hissələrlə olmalıdır, yəni tez-tez və xırda-xırda, gündə ən azı 4-5 dəfə və kiçik hissələrlə yemək lazımdır. Ola bilər ki, çox işlədiyinə görə, bu rejimdə qidalanmağa imkanın olmasın. Bu halda, əvvəlcədən özün üçün süd məhsulları (qatıq, içməli yoqurt və s.) hazırlayıb, özünlə işə götür. Tənbəllik etmə, özündən müğayət ol.

Qaça-qaça, tez ayaqüstü yemə. Məsələ ondadır ki, insan yavaş-yavaş yedikdə doyma hissini idarə edən mexanizm düzgün işləyir və lazımi miqdarda qidanın qəbul edilməsi barədə siqnal beyinə vaxtında daxil olur. Qaça-qaça, hərəkət edə-edə yeyərkən bu mexanizm vaxtında işə düşmür və bu halda adam lazım olduğundan çox yeyir.

Heç vaxt həddindən artıq yemə. Bu, həm mədə üçün, həm də bütünlüklə orqanizm üçün zərərlidir. Bəzi mütəxəssislər yeməkdən əvvəl beli kəmərlə, yaxud iplə sarımağı tövsiyyə edirlər. Toxluq ərəfəsində mədə daralacaq və lazımından artıq qida qəbul edə bilməyəcəksən.

Yemək zamanı və yeməkdən sonra su içmə. İstəyirsənsə, suyu yeməkdən əvvəl iç. Lakin, gün ərzində lazımi miqdarda maye qəbul et və yaxşı olardı ki, bu təmiz içməli su olsun. Çünki orqanizm səndən pivə və ya şirin içkilər yox, məhz su tələb edir. Hətta isti havada, ürəyin limonad və ya pivə istədikdə, iki stəkan su iç. Dərhal hiss edəcəksən ki, nə pivəyə, nə də limonada ehtiyacın var.

Un məhsullarını, şirniyyatı, spirtli içkiləri məhdudlaşdır. Un məhsullarını quruldulmuş, kəpəkli və ya taxıl çörəyi ilə, şirniyyatı quru meyvələr və bal ilə əvəz et. Alkoqolu isə əvəz etmək çətindir (yalnız bir qədəh quru şərab olar) – sadəcə çalış ki, tez-tez içməyəsən.

Duzun və müxtəlif ədviyyatların qəbulunu məhdudlaşdır. Sadəcə, yeməyə qatılan ədviyyatın miqdarını tədricən azalt, çünki ədviyyatdan istifadəni birdəfəlik dayandırsan, yemək dadsız olacaq.

Əlbəttə ki, yeməkdən həzz al, imkan daxilində, həzm sistemi üçün əlverişli mühit yarat. Yemək zamanı kitab oxumaq olmaz – bu, lazımından artıq yeməyə səbəb olur.

Ən azı, bu 10 qaydadan istifadə etsən, qidalanman əhəmiyyətli dərəcədə dəyişəcək. Özü də buna bazar ertəsindən yox, elə indi başla. Unutma ki, sağlamlığın öz əllərindədir!

Ana məsləhətləri